Avtobusların statusu haqqında

Açıq məktub

5 Aprel 2022

Qısa tarix: Transit for Baku (tfb.az, əvvəldə traffic.az) layihəsi üzrə işlər 2013-cü ilin yayında başlamışdı və 19 Mart 2014 tarixində məlumatlar Google Xəritələrində ictimai istifadəyə verilmişdi. Layihədə başlanğıcdan heç bir maddi maraq yox idi və əlbəttə hələ də yoxdur. Məqsəd şəhəri düzgün və işlək naviqasiya ilə təmin etmək idi. Sözügedən dövr NİİM-nin təzə vaxtları idi və bu sahəyə küllü miqdarda vəsait ayrılmışdı. Buna baxmayaraq təqdim olunan həllər heç də yaxşı vəziyyətdə deyildi. Ümumi xəritə və naviqasiya keyfiyyəti normal istifadəyə yararlı deyildi, üstəlik məlumatlar gündəmdə saxlanılmırdı və bəzən saytları ümumiyyətlə işləmirdi. Artıq heç həmin həllər də mövcud deyil. Beləliklə 8 ildir ki, rəsmi tərəfdaş kimi Bakı əhalisi və məlumatlarda əlavə tərcümələr sayəsində qonaqlar Google Xəritələrində ictimai nəqliyyat naviqasiyası ilə təmin olunur.

Hazırkı dövrə qayıdanda ən maraqlısı və ya gülməlisi, BNA özü də alo141.az saytında naviqasiya üçün Google Xəritələrindən istifadə edir. Aydınlıq üçün, paytaxtın əsas nəqliyyat strukturu insanlara naviqasiya göstərmək üçün illərdir bu layihənin işinə arxalanır... Vaxtında yazılandan sitat:

Burada, hansı məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Göstərilir, ancaq bu nəqliyyat məlumatları haradan götürülür, əlbəttə bu layihədən. Hələ nəsə yenilik kimi saytın açılışına medianı çağırıb təqdimat eləmişdilər. Bəlkə də həmin naviqasiyaya necə nail olduqları barədə rəhbərliyə heç məlumat verməyiblər. İstənilən halda öz problemləridir və buna son qoyulur.

BNA nəqliyyat qurumu kimi özü məlumat paylaşmalıdır, digərlərinin məlumatlarını işlədib, əməklərinə arxalanmalı deyil. Şəhərlər open data (açıq məlumat) prinsipi ilə işləməlidirlər və bu dövrümüzün standart yanaşmasıdır. Dayanıqlı şəhər öz əhalisini ictimai nəqliyyatdan istifadəyə cəlb etməlidir və insanları işlək naviqasiya ilə təmin etmək bunun təməl hissələrindəndir. Müasir ictimati nəqliyyata tək yeni texnika ilə nail olunmur, hara və necə getdiyi bilinməyən yeni avtobusun heç bir əhəmiyyəti yoxdur.

Statik məlumatlarda, BNA dəyişikliklər barədə məlumatlandırmada çox gecikir, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olur və ya məlumatlandırma ümumiyyətlə reallığa uyğun olmur, bəzən məlumatlandırma dəyişiklik baş verəndən sonra yerinə yetirilir, bəzən isə ümumiyyətlə rəsmi məlumatlandırma olmur və dəyişiklik sürprizə çevrilir. Real time (real vaxt) planında, BNA ictimai olmalı məlumatları göstərmək istəmir və nəticədə onlardan istifadəyə imkan vermir, insanların nəqliyyatdan daha rahat istifadəsinə süni maneə yaradır. Hələ illər öncə real time inteqrasiyası ilə bağlı BakuBus-a dəfələrlə və inadla müvəffəqiyyətsiz müraciət olunmuşdu.

Təcrübə və araşdırmalar artıq standart hesab olunan sözügedən yanaşmaların effektivliyini, habelə ictimai nəqliyyatdan istifadədə artıma gətirdiyini göstərir. Mövcud qapalı məlumat yanaşması xidmət səviyyəsinə zərər gətirir, sərnişinlərin itkisinə və nəticə olaraq daşıyıcılar üçün maddi itkiyə səbəb olur.

Sadalananlar layihə üçün əlavə problemlərə, absurd vaxt itkisinə səbəb olurdu. Bu səbəbdən keçən aylarda avtobuslar üzrə işlər məcbur dondurulmuşdu. Layihənin publik startının 8-ci il dönümündən, 19 Mart 2022 tarixindən etibarən isə avtobus məlumatlarının Google Xəritələrinə inteqrasiyası dayandırılıb. Hazırda sistemin grace period (güzəşt müddəti) prinsipi ilə hələ də göstərdiyi vaxtı bitmiş məlumatlar yaxın zamanda naviqasiyadan yoxa çıxacaq.

Beləliklə, bu açıq məktubla, BNA-nin ağılasığmaz texniki və informasiya praktikalarına ictimai şəkildə etiraz bildirərək, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmilərini və BakuBus MMC-nin yeni idarəetməsi qismində Azərbaycan İnvestisiya Holdinqinin rəsmilərini dialoqa dəvət edirik.

Layihə ünvanı həmişəkidir: baku@traffic.az

Hörmətlə,
Bakı sakinləri.


3 May 2022

Reallıq qapını döyür, içəridə isə nağıllar davam edir.

Sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi daha da yaxşılaşdırılır.

Yaxşılaşdırılır? Nə? Alo141? Yaxşılaşdırılası nə var axı? Aprelin əvvəlində vəziyyət açıqlandı, artıq may ayıdır və cavab elə bu oldu? Alo141? Bu servisin (xüsusən lazım olanda, mobil telefonda) real istifadəyə tamamilə yararsız olduğunu və hətta turizm, şəhər imici vs. məsələlərini bir anlıq kənara qoyaq. Məktubda Azərbaycan dilində və aydın şəkildə bildirilib ki, alo141 naviqasiyası Google Xəritələri üzərində qurulub. Google Xəritələrindən çıxarılan avtobuslar alo141 naviqasiyasından da yoxa çıxacaqlar. BNA-nin öz naviqasiyası mövcud deyil və BNA bunun üçün indiyə kimi bu layihənin işindən istifadə edib. Bu vəziyyətdə cavabın “alo141” olması tamamilə ağılasığmaz dərəcədə absurddur!

- Gəmi batır!
- Bizim öz kayutamız var.

Bu nə məntiqdir axı? Alo141 inanılmaz kompetensiyasızlığın nəticəsidir və ona ayrılmış büdcə vəsaitləri ətraflı araşdırılmalıdır. BNA bütün bu illər naviqasiyadan söhbət düşəndə başqasının əməyini öz işi kimi nümayiş etdirirdi və hələ də buna davam edir!

Beləliklə, nağıllara cavab olaraq, növbəti günlərdə Google Xəritələrindən bütün avtobuslar yığışdırılır və bununla da alo141 kitabçası bağlanır. Şəhər administrasiyası vəziyyətə heç bir maraq göstərmədi və bu absurdluqdan başqa çıxış yolu görünmür. Kimin bu illərdə insanlar üçün faydalı iş gördüyü, kimin isə həmin ad altında naməlum fəaliyyət apardığı aydın nümayiş etdirilməlidir. Üstəlik, BNA-nin iş metodundan fərqli olaraq, ictimaiyyət vəziyyət barədə 1 ay əvvəldən məlumatlandırılıb. Qısaca, bye-bye alo141.

Məktuba əlavə olaraq, dəstəyini bildirən hər kəsə səmimi qəlbdən təşəkkürlər! Bütün bunlar şəhər və sakinləri üçün idi, sizin üçün idi və bu mərhələdə dəstəyinizi oxumaq möhtəşəm idi! Gördüyünüz kimi, təəssüf ki, bu gedişlə davamiyyət mümkün deyil. Burada söhbət heç bir məbləğdən getmir. Şəhərimizdə nəqliyyata yanaşmada ciddi dəyişikliklərə hava kimi ehtiyac var. Kompetensiyasızlıq şəhərimizi məhv edir və hər gün, ilk növbədə elə avtobus sürücüləri də daxil olmaqla, milyondan artıq insana əziyyət verilir. İnsanlarımız sözsüz daha yaxşısına layiqdirlər.

Mövcud, hazır məlumatlar niyə yığışdırılsın sualına gəldikdə isə, çünki bütün məlumatlar daim gündəmdə saxlanılmalıdır. Avtobus şəbəkəsi kənardan az dəyişən kimi görünə bilər, lakin şəhərdə daim dəyişikliklər olur və düzgün rəsmi məlumatlandırma olmadığı şəraitdə bu məlumatların gündəmdə saxlanılması böyük əziyyətə başa gəlir. Məlumatlarda daim, həmişə gözə dəyməyən detallara düzəliş olunurdu. Hazırki vəziyyətdə isə, bu düzəlişlərsiz, insanları getdikcə artan ehtimalla səhv yönləndirmək və ya heç yönləndirməmək arasında seçim qalır. Göründüyü kimi, bu məcbur seçim artıq edilib. Bunlara da əlavə olaraq, daha öncə qeyd edildiyi kimi, vəziyyətin və cavabın absurdluğu, ona təsir edən ictimaiyyətə maksimal şəkildə nümayiş etdirilməlidir.

Bütün bu biliklərdən sonra, paytaxt sakinləri “daha da yaxşılaşdırılır” adı ilə yazılan alo141 nağılını (bir daha) oxumağa dəvət edilir: https://web.archive.org/web/20220430125823/http://bna.az/az/news/1452

Bayramınız mübarək.